feet

İnteraktiv "Yəhyanın Müjdəsi"

Həyati hekayə



Allah Kəlamı

1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.




İsa satıcıları məbəddən qovur

13 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.



İsa və Nikodim

1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.



İsa və Samariyalı qadın

1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».



İsanın səlahiyyəti

19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.



Həyat çörəyi

25İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. 26İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. 27Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». 28Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?» 29İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin». 30Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? 31Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». 32Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. 33Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». 34Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver». 35İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. 36Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. 37Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. 38Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. 39Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. 40Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». 41Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib 42dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» 43İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin. 44Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. 45Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. 46Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. 47Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. 48Həyat çörəyi Mənəm. 49Ata-babalarınız çöldə manna yedilər və öldülər. 50Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. 51Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». 52Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. 53Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. 54Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. 55Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. 56Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. 57Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. 58Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». 59İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.



Doğru şəhadət

12 Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». 13Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil». 14İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz. 15Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm. 16Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. 17Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır. 18Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir». 19Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız». 20İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi.



Kor adamın sağalması

1İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. 2Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» 3İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. 4Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. 5Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». 6Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. 7Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. 8Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» 9Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. 10Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. 11O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». 12Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.



Yaxşı çoban

7İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. 8Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 9Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 10Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 11Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 12Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 13Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 14-15Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 16Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq. 17Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 18Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam». 19Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 20Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 21Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»



İsa öləcəyini əvvəlcədən bildirir

20Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 21Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 22Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 23İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 24Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 25Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 26Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.



Bir-birinizi sevin

31O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 32İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 33Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 34Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 35Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».



İsa Allaha gedən yoldur

1Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. 2Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? 3Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. 4Gedəcəyim yerə aparan yolu tanıyırsınız». 5Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» 6İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. 7Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». 8Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». 9İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? 10Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. 11Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. 12Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm 13və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. 14Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.

Müqəddəs Ruh barədə vəd

15Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. 16Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. 17O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. 18Sizi yetim qoymaram, yanınıza gələcəyəm. 19Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. 20O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm. 21Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm». 22İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?» 23İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. 24Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür. 25Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. 26Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. 27Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. 28Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. 29Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız. 30Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. 31Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.



Meynə və budaqlar

1Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. 2Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 3Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. 4Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 5Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. 6Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. 7Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. 8Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. 9Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. 10Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram. 11Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. 12Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 13Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. 14Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. 15Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. 16Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 17Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.



İsa şagirdləri üçün yalvarır

1İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. 2Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. 3Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. 4Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. 5Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver. 6Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. 7İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. 8Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. 9Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. 10Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. 11Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. 12Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. 13İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. 14Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 15Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. 16Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 17Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. 18Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. 19Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun. 20Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, 21hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. 22Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. 23Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. 24Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. 25Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. 26Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».



İsanın ölümü

28 Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 29Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı. 31Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 32Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 33İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 35Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 36Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 37Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.



İsanın şagirdlərinə görünməsi

19O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. 20Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. 21İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». 22Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! 23Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».